Bakı və Ankara arasında regional liderlik rəqabəti?
Politoloq Şahin Cəfərli BBC News Azərbaycancaya müsahibəsində Azərbaycan və Türkiyə arasında regional nüfuz uğrunda rəqabətin elementlərinin getdikcə daha çox ön plana çıxdığını deyib.
Onun fikrincə, Cənubi Qafqaz və Orta Asiyanı əhatə edən, Orta Dəhlizin keçdiyi geniş coğrafiyada Bakı ilə Ankara arasında münasibətlərdə yeni çalarlar müşahidə olunur.
Şahin Cəfərli hesab edir ki, Prezident İlham Əliyev 2020-ci il müharibəsindən sonra Azərbaycanın bölgədə yeni imkanlar və liderlik perspektivləri əldə etdiyini düşünür. Politoloqun sözlərinə görə, bu yanaşma Azərbaycanın regional proseslərdə daha müstəqil və iddialı rol oynamaq istəyində özünü göstərir.
Müsahibədə Orta Asiya ölkələri ilə münasibətlərə də toxunulub. Şahin Cəfərli deyib ki, son illərdə Azərbaycanın region dövlətləri ilə əlaqələri nəzərəçarpacaq dərəcədə intensivləşib və Orta Asiya liderlərinin müxtəlif beynəlxalq platformalarda Bakıya daha çox yaxınlaşdığı müşahidə olunur.
Politoloq hesab edir ki, bu tendensiyalar Azərbaycan-Türkiyə münasibətlərində qarşıdurmadan deyil, bölgədə təsir imkanları və liderlik uğrunda formalaşan yeni rəqabət elementlərindən xəbər verir.



