Ukrayna Prezidenti Zelenski: Rusiya ilə danışıqlar Azərbaycanda da keçirilə bilər

Şəklin mənbəyi, president.az
Aprelin 25-də Azərbaycana işgüzar səfərə gələn Ukrayna Prezidenti Zelenski deyib ki, əgər Rusiya razılaşsa, danışıqlar həm də Azərbaycanda keçirilə bilər.
O bunu Prezident İlham Əliyevlə birgə keçirdiyi mətbuata açıqlamasında deyib, Azərtac yazıb.
"Bizim üçtərəfli və digər formatda danışıqlarımız oldu. Onlardan bəziləri Türkiyədə baş tutdu, daha sonra isə amerikalı tərəfdaşlarımızla Cenevrədə görüşdük. Əgər Rusiya tərəfi də bu diplomatiyanı seçərsə, danışıqlarımızı, həmçinin istərdik ki, Azərbaycanda aparaq", - deyə Volodomir Zelenski vurğulayıb.
Ukraynalı hərbi ekspertlər artıq Azərbaycandadır
Prezidentlərin birgə mətbuat açıqlamasında Zelenski bildirib ki, ukraynalı ekspertlər artıq Azərbaycandadır və yerli həmkarları ilə işləyirlər.
"Biz bu tərəfdaşlığı davam etdirməyi və gələcəkdə birgə istehsala başlamağı planlaşdırırıq".
Azərbaycan Prezidenti İlham Əliyev də tərəflərin hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə etdiyini bildirib: "Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf etdiyi üçün burada birgə istehsalla bağlı çox gözəl imkanlar var. Bu barədə də bu gün ətraflı danışıldı və biz bütün başqa sahələrdə əməkdaşlığımızı dərinləşdirmək istəyirik".
Amma prezidentlər müzakirə olunan əməkdaşlığın konkret detallarını açıqlamayıblar.

Şəklin mənbəyi, Azərtac
Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarını Qəbələdə qəbul edib.
Onların arasında təkbətək görüş keçirilib, president.az saytı yazıb.

Şəklin mənbəyi, Azərtac
Bundan sonra, hər iki ölkə rəsmilərinin prezidentlərin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.
Səfər barədə əvvəldən rəsmi məlumat verilməyib.
Bu onun Rusiyanın Ukrayna ilə müharibəyə başlamasından sonra Azərbaycana ilk səfəridir.
Zelenski Azərbaycana son dəfə 16–17 dekabr 2019-cu il tarixlərində rəsmi səfər edib.

Şəklin mənbəyi, Zelensky/X
Zelenski X hesabında yazıb ki, Azərbaycana səfərini "Ukraynanın səmanın qorunması sahəsindəki təcrübəsini bölüşən" ekspert qrupu ilə görüşdən başlayıb:
"Digər ölkələrə fayda verə biləcək unikal təhlükəsizlik təcrübəmiz var. Artıq üç istiqamətdə işləyirik: Yaxın Şərq və Körfəz regionu, Avropa İttifaqı və Azərbaycanla əsaslı iş".
O yazıb ki, təhlükəsizlikdən əlavə, bu gün enerji, iqtisadiyyat və humanitar sahədə əməkdaşlığı gücləndirmək üçün çalışacaqlar.




























