Susuzluğun qarşısını ala biləcək 8 qida: tərkibinin 90 faizindən çoxu sudur

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Kate Jones
- Çap edildi
- Oxuma vaxtı: 3 dəq
Kifayət qədər su içməkdə çətinlik çəkirsiniz?
Xiyar, qarpız, çiyələk və kahının tərkibinin 90 faizdən çoxu sudur və bədənin su ehtiyacını qarşılaya bilər.
Qidalanma mütəxəssisləri əslində nə qədər mayeyə ehtiyacımız olduğunu və qidaların da içkilər qədər vacib olduğunu izah edirlər.
Daha çox maye tərkibli qidalar
Bol miqdarda su ehtiva edən qidalardan söhbət gedəndə, meyvə və tərəvəzlər etibarlı bir seçimdir.
Böyük Britaniya Diyetoloqlar Assosiasiyasının mətbuat katibi Clare Thornton-Wood bu kateqoriyadakı hər şeyin su ehtiva etdiyini və meyvələrin, adətən, bol miqdarda su saxladığını bildirir.
Su tərkibi 90% və ya daha çox olan bəzi qidalar:
- Çiyələk
- Qarpız
- Kələm
- Kahı
- Kərəviz
- Xiyar
- Bişmiş balqabaq
- Pomidor
Tərkibində 80% ilə 89% arasında su olan qidalar bunlardır:
- Alma
- Yerkökü
- Bişmiş brokoli
- Armud
- Portağal
- Üzüm
- Ananas
- Yoğurt
Tərkibində 70% ilə 79% arasında su olan qidalar bunlardır:
- Avokado
- Banan
- Sobada kartof
- Bişmiş qarğıdalı
- Krevetka
- Kəsmik
Nə qədər suya ehtiyacımız var?
İnsan bədəninin təxminən 60 faizi sudan ibarətdir.
Həddindən artıq istiliyin qarşısını alır, toxumaları və oynaqları sürtünmədən qoruyur, həzm üçün vacibdir.
Lakin nəfəs alma, tərləmə və tullantı maddələrin xaric edilməsi yolu ilə davamlı olaraq maye itiririk, bu səbəbdən itirdiyimiz mayeni bərpa etmək üçün sürətli hərəkət etməliyik.
Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA) qadınlar üçün gündə cəmi 2 litr, kişilər üçün isə 2,5 litr maye qəbulunu tövsiyə edir.
Çay, qəhvə, süd və şəkərsiz içkilərlə yanaşı, su nisbəti yüksək olan qidalar da maye qəbuluna töhfə verir.
Əgər hava istidirsə və ya çox idman edirsinizsə, daha çox mayeyə ehtiyacınız ola biləcəyini də xatırlamaqda fayda var.
Susuzluq əlamətləri
Böyük Britaniya Diyetoloqlar Assosiasiyasına (BDA) görə, maye ehtiyacımızın təxminən 20-30%-i qidalardan qarşılana bilər. Bu, mühüm bir töhfədir.
Lakin Böyük Britaniya Qidalanma Fondundan qidalanma mütəxəssisi Bridget Benelam qidalardan alınan suyun içdiyimiz suya nisbətən daha uzun müddətə sorulduğuna diqqət çəkir.
Buna görə də, susadıqda və ya susuzlaşmaqdan narahat olduqda, su içmək bədəninizi nəmləndirmək üçün ən təsirli və səmərəli yoldur.
Bədəndə su itkisinin əlamətləri bunlardır:
- Ağız quruluğu
- Baş ağrıları
- Yorğunluq
- Tünd sarı, kəskin qoxulu sidik
Qidalanma mütəxəssislərinin maye itkisini aradan qaldırmaq üçün tövsiyə etdiyi yeməklər
Şorba, buğlama və smuzi (müxtəlif meyvə, tərəvəz, hətta göyərtidən hazırlanan qatı kokteyl) kimi tipik maye əsaslı reseptlər də bədəni nəmləndirməyə kömək edə bilər.
Thornton-Wood deyir: "Səhər yeməyində smuzi, naharda şorba və şam yeməyində ətli və ya lobyalı buğlama, ardından isə qatıq yesəniz, təxmini bir rəqəm olaraq hər yeməkdən ən azı 200 ml maye almış olursunuz".
Bu da bir gündə cəmi 600 ml-ə bərabərdir.
Benelam əlavə edir: "Su baxımından zəngin qidalar, adətən, daha sağlam qidalardır" və bol miqdarda maye ehtiva etməklə yanaşı, eyni zamanda qida dəyəri yüksək olan pomidor konservlərini nümunə göstərir.
"Onlarla makaron sousundan tutmuş şorbaya qədər bir çox fərqli şey hazırlaya bilərsiniz.
"Bu yeməklər yalnız yüksək su tərkibinə malik olmaqla qalmayacaq, eyni zamanda C vitamini kimi qida maddələri baxımından da yaxşı mənbə olacaq və tərkibində likopen olacaq".
Su baxımından zəngin qida istehlak etməyin asan yolları
- Meyvəli səhər yeməkləri
- Qarpız və ya portağal yemək
- Yeməklərin yanına salat əlavə etmək
- Şorba içmək
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Thornton-Wood bol miqdarda su ehtiva edən ərzaqların kalori baxımından daha aşağı ola biləcəyini qeyd edir.
Benelam xüsusilə maye nisbəti yüksək olan bəzi yeməklərin yalnız kalori baxımından deyil, bəzi qida maddələri baxımından da aşağı ola biləcəyi barədə xəbərdarlıq edir.
"Əgər qidalanmanızı çoxlu su ehtiva edəcək şəkildə tənzimləsəniz, xüsusən də qida ehtiyacı yüksək olan birisinizsə, ehtiyacınız olan qida dəyərindən daha aşağı bir qidalanma rejiminə sahib ola bilərsiniz.
"Məsələn, kiçik uşaqların mədəsi kiçik və qida ehtiyacları yüksək olduğu üçün, onların yeməkdən çoxlu su almasını istəməzsiniz.
"Buna görə də, əgər çoxlu şorba, salat və tərəvəz istehlak edirlərsə, bunların yanında onlar üçün qida dəyəri daha yüksək olan başqa qidalar da verməlisiniz".
Uşaqların (və yaşlı böyüklərin) susuzlaşma riskinin daha yüksək olduğu nəzərə alınarsa, bu, həssas bir balans tələb edir.
Həmdə unudulmaması vacib bir məqam da odur ki, qidalar bişmə zamanı qızararaq buxarlanma nəticəsində bir qədər maye itirəcək.
Balansı tapın
Yaxşı xəbər odur ki, çoxumuzun bunu aludəçiliyə çevirməsinə ehtiyac yoxdur.
Gün ərzində yaxşı qidalansanız və maye qəbuluna diqqət yetirsəniz, fərqində olmadan daha çox maye alacaqsınız.
Çünki kifayət qədər maye qəbulu yalnız stəkanınızda nə olduğuna deyil, boşqabınızda nə olduğuna da bağlıdır.



























