Kosmetika aludəçiliyi: Qız uşaqları dəri qulluğu tələsinə necə salınır?

kosmetika
    • Müəllif, Ruth Clegg
    • Vəzifə, BBC
  • Çap edildi
  • Oxuma vaxtı: 9 dəq

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Ellie-May kameraya həyəcanla "Ən, ən yaxın dostumun evinə getmək üçün mənimlə hazırlaşın" deyir.

TikTok-da paylaşılan bu video çəkilən vaxt 10 yaşında olan Elli-May gülümsəyərək çoxmərhələli dəri qulluğu rutinindən danışır.

Üzünə şəffaf bir maye çəkərkən "Bu toniki çox, çox, çox, çox sevirəm" deyir. Ardından dərini parlatmaq üçün nəzərdə tutulmuş bir seruma keçir və coşğu ilə "Aman Allahım, nə qədər də parlaqdır" deyir.

Köpüklü sarı kremindən bir növ "smuzi" hazırlayır, kremi əlinin arxasına çəkərək rəngli bir nəmləndirici ilə qarışdırır.

Danışmağına davam edərkən, bir tərəfdən gözlərinin altına diqqətlə konsiler və yanaqlarına da çəhrayı ənlik sürtür. Sonra kirpiklərini qıvırır, tuş və dodaq parıldadıcısı çəkir.

Saçını da qurudub düzləşdirdikdən sonra artıq "hazır" olduğunu deyir.

Elli-May indi 13 yaşındadır. Səkkiz yaşından bəri dəri qulluğu məhsullarından istifadə edir və onların reklamını aparır. Covid pandemiyası zamanı karantin dövründə əyləncə olaraq başlayan bu vəziyyət, ailəsi üçün əsas gəlir mənbəyinə çevrilib.

Facebook, TikTok, Snapchat və YouTube-da paylaşım edirlər. Təkcə TikTok-da Elli-May-in 330 mindən çox izləyicisi var.

Elli-May ilə birlikdə altı uşaq anası olan Sophie fərqli sosial media platformalarında məzmun istehsal edərək ildə 50.000 sterlinqdən (113 min manatdan) çox gəlir əldə etdiklərini söyləyir.

Sophie bizimlə İngiltərənin cənub-şərqindəki evinin baxçasında görüntülü danışır, deyir ki, "məzmun yaradıcısı olmaq" həyatlarınıı dəyişib.

"Bir çox uşaq Elli-nin dəri qulluğu rutinini maraq edib öyrənmək istəyirdi və işlər oradan baş alıb getdi".

Ellie-May TikTok hesabının 330 mindən çox izləyicisi var.

Şəklin mənbəyi, Sophie

Şəklin alt yazısı, Ellie-May TikTok hesabının 330 mindən çox izləyicisi var.
WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
BBC News Azarbaycancanin Whatsapp kanalina qosulun
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

"Uşaqlar və dəri qulluğu" sözlərini sosial media axtarış sistemlərinə yazsanız, yüzlərlə başqa qız uşağının öz dəri qulluğu rutinlərini paylaşdığı videoları tapmaqda çətinlik çəkməyəcəksiniz.

Bu videoların bəzilərində yaşları üçə, dördə qədər düşən uşaqlar həyəcanla dəri qulluğu və ya makiyaj məhsulları haqqında danışır, "məktəbdən sonra" və ya "mənimlə hazırlaşın" başlıqlı videolarda bu kosmetik məhsulları çəkə-çəkə o gün edəcəklərindən danışırlar.

Qız uşaqlarına yönəlmiş dəri qulluğu məhsullarının marketinqi yeni bir şey deyil. Keçmişdə pilinq və təmizləyicilər hamar bir dəri vəd edirdisə, günümüzdə qızlar "qüsursuz bir dəri əldə etmək" ümidi ilə, bir çoxunun tərkibində qocalma əleyhinə maddələr olan daha geniş çeşiddə və daha təkmilləşmiş məhsullardan istifadə edirlər.

Bu dəri qulluğu blogerlərindən bəziləri özlərini "məhsul elçisi" kimi təqdim edir, Bubble, Drunk Elephant və P. Louise kimi markaların məhsullarını reklam edirlər.

Bu məhsullar arasında "K-Pop Demon Hunters" mövzulu, "parlaq dəri üçün parıltı artırıcı rutin" kimi fərqli məhsullardan ibarət dəstlər də var.

Birbaşa uşaqları hədəf alan məhsullarla yanaşı, gənc qızlar arasında populyar olan, lakin bazarın bu seqmenti ilə əlaqələndirilmək istəmədiklərini bildirən markalar da mövcuddur.

Məsələn, Drunk Elephant markasına yaxın bir mənbə markanın "gənclərə yönəlik" olmadığını və müştərilərini məhsullardan məsuliyyətlə istifadə etmək mövzusunda maarifləndirməyə çalışdıqlarını deyir.

Bubble və P.Louise markalarından isə bu məsələ ilə bağlı hər hansı bir cavab ala bilmədik.

Gündəlik çoxmərhələli dəri qulluğu rutinləri, Elli-May kimi gənc blogerlərlə bərabər, artıq bir çox qızın gündəlik həyatının bir hissəsinə çevrilib.

Dəri qulluğu markası olan "Pai"nin 9-12 yaş arası 1500 uşaq arasında apardığı araşdırma bu uşaqların yarıya yaxınının hər həftə bir neçə fərqli dəri qulluğu məhsulundan istifadə etdiyini ortaya qoyub. Bu uşaqların demək olar ki, yarısı isə məhsulları "problemli hesab etdikləri dərilərini düzəltmək üçün" istifadə etdiklərini bildiriblər.

Bu, artıq milyardlarla sterlinqlik bir sektora çevrilib. Bazar sürətlə böyüyür və heç bir zəifləmə əlaməti göstərmir. Bununla belə, tənzimləyici qurumlar da daxil olmaqla, bəzi tərəflər ehtiyatlı olmaq barədə xəbərdarlıq edirlər.

Kornell Universitetinin dosenti və sosial media araşdırmaçısı Bruk Erin Daffi deyir: "30-40 yaşlarındakı qadınlar uzun müddətdir ki, dəri qulluğu şirkətlərinin hədəfindədir; bizə qocalmağın bir problem olduğunu deyib, bunun həllini satırlar".

"İndi isə gənc qızlar da eyni təzyiq altına salınır", - o əlavə edir:

Bu sektor sosial media platformalarındakı kontentlərin də dəstəyi ilə böyüməyə davam edərkən, bu vəziyyət sadəcə zərərsiz bir əyləncə kimi görülməlidir, yoxsa qız uşaqlarının xarici görünüşləri ilə bağlı psixoloji asılılığa salınması kimi?

Kosmetikoreksiya

Dermatoloqlar və akademiklər tərəfindən yeni bir termin ortaya atılıb: "Kosmetikoreksiya".

Bu termin gənc yaşlardan etibarən "qüsursuz" bir dəri əldə etməyə yönəlmiş qeyri-sağlam bir aludəçiliyi və bunun nəticəsində kosmetik məhsullardan asılılıq dərəcəsində istifadə edilməsini ifadə edir.

İtaliyadakı Milan Universitetinin dermatoloqu Prof. Covanni Damiani daha gənc xəstələrinin bəzilərində müşahidə etdiyi bu iradə xaricində yaranan davranışlardan o qədər narahat olub ki, baş verənləri araşdırmağa başlayıb.

Damiani yaşları 8 ilə 14 arasında dəyişən 55 xəstəsi ilə sorğu keçirib.

O bildirir ki, kosmetikoreksiya əlamətləri göstərən uşaqlar mobil telefonlarından asılı vəziyyətdədirlər və sosial mediada saatlarla dəri qulluğu videolarını izləyirlər.

Bundan əlavə, bu şəxslər gündəlik olaraq sayları 10-a çatan fərqli dəri qulluğu məhsulundan istifadə edir və makiyaj etmədən hətta ailə üzvləri ilə belə vaxt keçirmirlər .

Dəri qulluğu sənayesi getdikcə daha böyük bir iqtisadiyyatı təmsil etməyə başlayıb.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Dəri qulluğu sənayesi getdikcə daha böyük bir iqtisadiyyatı təmsil etməyə başlayıb.

İtaliya Rəqabət Qurumu (AGCM), "Sephora" və "Benefit" kosmetika markalarının sahibi olan "LVMH" gözəllik şirkəti barəsində iki təhqiqat başladıb.

AGCM bu markaların öz məhsullarının uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulmadığını açıq şəkildə qeyd edib-etmədiyini və "gənc blogerlərin iştirak etdiyi gizli marketinq strategiyaları" vasitəsilə satışları stimullaşdırıb-stimullaşdırmadıqlarını araşdırır.

"LVMH" nümayəndəsi İtaliya rəsmiləri ilə əməkdaşlıq etdiklərini və "qüvvədə olan İtaliya qanunvericiliyinə ciddi şəkildə əməl etdiklərini" yenidən təsdiqlədiklərini bildirib.

Nümayəndə, həmçinin əlavə edib ki, "gənc istehlakçılar və dəri qulluğu ətrafındakı müzakirələr inkişaf etməyə davam edərkən", bütün istehlakçılara daha yaxşı dəstək və rəhbərlik təmin etmək məqsədilə şirkət "gözəllik məsləhətçilərinin təqdim etdiyi tövsiyələrin keyfiyyətini davamlı olaraq təkmilləşdirir".

O, "LVMH" şirkətinin "xüsusilə gəncləri hədəfləyən" hər hansı bir məhsulunun yaxud marketinq kampaniyasının olmadığını və yalnız 18 yaşından yuxarı olan blogerlərlə işlədiklərini ifadə edib.

İngiltərədə Reklam Standartları Qurumu (ASA) İtaliyadakı hadisələri yaxından izlədiyini və bənzər problemlərin ortaya çıxıb-çıxmadığına dair sübutları nəzərdən keçirdiyini təsdiqləyib; lakin "bu mərhələdə hər hansı bir rəsmi tənzimləyici addımın atılmadığını" qeyd edib.

Bu məhsullar ucuz deyil. Aparılan bir araşdırma 18 yaşından aşağı istifadəçilər tərəfindən paylaşılan 100 TikTok videosunu təhlil edib və paylaşılan dəri qulluğu rutinlərinin orta dəyərinin 125 sterlinq olduğunu ortaya çıxarıb.

İstifadə dərəcəsindən asılı olaraq, bu məhsulların hər üç və ya dörd aydan bir yenilənməsi lazımdır.

İbtidai sinif yaşlarında olanlar da daxil olmaqla uşaqlar, Koreya üslublu "şüşə kimi dəri" görünüşünü əldə etməyə çalışırlar.

NHS (Milli Səhiyyə Xidməti) məsləhətçisi və özəl dermatoloq olan Dr. Cin Ayer deyir: "İşin qəribə tərəfi ondadır ki, onlarda onsuz da bu var. Kiçik yaşlarda dərinin vəziyyəti onsuz da mükəmməldir. Dəri baryeriniz möhtəşəm şəkildə qorunur. Dəri gözəlliyi elə budur" deyir.

"Qocalma əleyhinə məhsullar uşaqlara verilir"

Təxminən 20 ildir bu sahədə çalışan Ayer artıq hər zamankından daha çox uşağın kosmetik məhsullardan istifadə etdiyini bildirir.

Onun qəbullarına gələnlər böyük müxtəliflik təşkil edir; bir tərəfdən azyaşlı uşaqları üçün ən yaxşı dəri qulluğu rutinini soruşan valideynlər, digər tərəfdən isə istifadə etdikləri gözəllik məhsullarına qarşı ciddi reaksiyalar verən səkkiz yaşlı uşaqlar müayinə otağına gəlir.

O, valideynlərin çox vaxt dəhşətə düşdüklərini, lakin uşaqlarını bu qədər çox fərqli məhsuldan istifadəni dayandırmağa razı sala bilmədiklərini söyləyir.

Dr. Ayer deyir: "Bu, kifayət qədər qorxuludur. Bu məhsullar qocalma əleyhinə (anti-aging) bazar üçün nəzərdə tutulub. Ən yaxşı halda, uşaqların bu məhsullara ehtiyacı yoxdur. Ən pis halda isə onlar həssas gənc dəriyə zərər vura biləcək ziyanlı maddələr ehtiva edirlər".

Uşaqlar tərəfindən istifadə edilən bu dəri qulluğu məhsullarındakı müxtəlif maddələr səbəbindən, daha gənc xəstələrdə sızanaq və müəyyən bir maddə ilə təmas nəticəsində ortaya çıxan ekzema növü - kontakt dermatit hallarında artım müşahidə etdiyini bildirir.

Bu məhsulların bir çoxu dəri hüceyrələrinə bioloji təsir göstərə bilən aktiv maddələr ehtiva edir və buna görə də dərinin fəaliyyət mexanizmini dəyişdirə bilir.

Bunların ən güclülərindən biri dəri hüceyrələrinin yenilənmə sürətini artıraraq incə cizgilərin və qırışların azalmasına kömək edə bilən retinoldur.

Uşaqlarda bu proses onsuz da yüksək sürətlə baş verdiyindən, retinol real bir fayda təmin etmir və dərini həddindən artıq stimullaşdıra bilir.

Bu vəziyyət qoruyucu dəri baryerinin zədələndiyi "retinol yanığına" yol aça bilər. Uşaqlarda həssaslıq, ekzemaya bənzər səpkilər və ya uzunmüddətli həssaslıq inkişaf edə bilər.

Ayer bu məhsullarda gənc dəriyə zərər verə biləcək daha bir çox maddənin olduğu barədə xəbərdarlıq edir və qeyd edir ki, bir uşaqda kontakt allergiya yarandıqda, o, həmin maddəni ehtiva edən məhsulu bir daha heç vaxt reaksiya vermədən istifadə edə bilməyəcək.

Dermatoloqlar, həmçinin saçın ön xəttinin geriyə çəkilməyə başladığı "frontal fibrozan alopesiya" hallarının gənclər arasında artdığını müşahidə edirlər.

Bunun bu qədər gənc yaşda müxtəlif üz kremlərinin istifadəsinin artması ilə bağlı ola biləcəyini irəli sürənlər var.

Britaniyada bir çox dəri qulluğu şirkətini təmsil edən Kosmetika, Şəxsi Qulluq və Ətriyyat Assosiasiyası (CTPA), təxminən 1000 valideynin qatıldığı bir araşdırmada valideynlərin 40 faizinin dəri qulluğu mövzusunda uşaqlarından daha az məlumata sahib olduqlarını etiraf etməsindən sonra bu günlərdə onlar üçün bir bələdçi yayımlayıb.

CTPA-nın Baş Direktoru Dr. Emma Meredit gənclərin qocalma əleyhinə məhsullardan yaxud mürəkkəb və lazımsız rutinlərdən istifadə etməsini dəstəkləmədiklərini söyləyir.

Elli-May-ın anası Sophie qızının məhsullarındakı maddələrin tərkibini yoxladığını bildirir.

Bəzi insanlar sosial mediada qızının retinol kimi güclü kimyəvi maddələr ehtiva edən kremləri açmasına icazə verdiyi üçün onu tənqid ediblər, lakin Sophie bunun zərərli olduğunu bildiyini və "qızının dərisinə yaxın buraxmayacağını" deyir.

O, həmçinin qızının hansı məktəbə getməsii və ya harada yaşamaları dıqları kimi təfərrüatları açıqlamamaq mövzusunda diqqətli olduğunu və hesablarına gələn şərhləri yaxından izlədiyini qeyd edir.

Elli-May-in anası Sophie qızının istifadə etdiyi məhsulların tərkibini yoxladığını bildirir.

Şəklin mənbəyi, Sophie

Şəklin alt yazısı, Elli-May-in anası Sophie qızının istifadə etdiyi məhsulların tərkibini yoxladığını bildirir.

Elli-May böyük gözəllik şirkətlərinin yeni məhsul təqdimatlarına (lansmanlarına) qatılır; o, burada fərqli məhsulları sınaqdan keçirir və digər kontent yaradıcıları ilə bir araya gəlir, bunun əyləncəli olduğunu söyləyir.

Özü və Sophie bazarın daha gənc seqmentini hədəfləyən şəxsi vegan dəri qulluğu markalarını satışa çıxarmağa hazırlaşırlar.

Elli-May həm 13 yaşından daha böyük, həm də daha kiçik görünür. Mülayim tərzdə danışır, düşüncəlidir və özünü yaxşı ifadə edir; zaman-zaman cavablar üçün anasına baxır. Uzun, baxımlı dırnaqları var və makiyaj edir, lakin görünüşü təbiidir.

"Artıq makiyaj etmək mənə özümü normal hiss etdirir" deyir.

"Real olmayan bir görünüşə həvəs göstərirlər"

Sophie sosial mediadakı uğurlarının həyatlarını zənginləşdirdiyini desə də, bəzi psixoloqlar bu cür özünün fərqində olan, sosial medianı mükəmməl bilən və gözəllik aludəçisi olan gənclərin gələcəkdə necə görünməli olduqları və həyatda özlərini necə aparmalı olduqları barədə təhrif olunmuş bir baxış bucağı ilə böyüyə biləcəklərindən narahatdırlar.

Alberto Stefana Damiani ilə birlikdə kosmetikoreksiya mövzusunda məqalə yazan italyan psixoloqdur. O, uşaqların böyüdükcə "öz real görünüşlərini qəbul etməkdə" çətinlik çəkə biləcəklərini deyir:

"Dəri qulluğuna qarşı asılılıq inkişaf etdirən uşaqlar çox vaxt sosial mediada gördüklərindən təsirlənirlər. Buna görə də onların özünə hörməti aldıqları bəyənmə sayından və ya insanların şərhlərdə yazdıqlarından asılı hala gəlir".

"Kosmetikoreksiya" olaraq adlandırılan bu fenomen (hadisə) çox yeni olduğundan, bunun uzunmüddətli psixoloji təsirlərinin olub-olmadığını bilmək çətindir; lakin Stefana son araşdırmasının bu vəziyyətlə bədən dismorfiyası (bədən alqısı pozuntusu) arasında oxşarlıqlar olduğunu göstərdiyini bildirir.

Bu, xəyali və ya şişirdilmiş bədən qüsurları səbəbindən daimi, güclü utanc və təşvişə yol açan bir psixi sağlamlıq problemidir.

Stefana hələ bu qədər gənc yaşda belə, kosmetikoreksiya əlamətləri göstərən yeddi və ya səkkiz yaşlı uşaqlarda təşviş və utanc hissi müşahidə etdiyini deyir.

Bu hiss o qədər güclü ola bilir ki, "məktəbə getmək istəmirlər, çünki həddindən artıq utanc duyurlar. Və bu utanclıq hissi sosial mediada özlərini başqaları ilə müqayisə etmələrindən və özlərini yetərincə gözəl hiss etməmələrindən qaynaqlanır".

Ekspertlər 30-40 yaşlarındakı qadınların kosmetika sektoru tərəfindən uzun müddətdir hədəf alındığını söyləyirlər.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Ekspertlər 30-40 yaşlarındakı qadınların kosmetika sektoru tərəfindən uzun müddətdir hədəf alındığını söyləyirlər.

London Universitet Kollecinin gender və təhsil sosiologiyası professoru Jessica Ringrose da bu fikirlə razılaşır:

"Uşaqlar bu kontentləri görür və bunun "yaxşı həyatı", ideal bir varlıq formasını təmsil etdiyini düşünürlər. Əgər onlara marketinq edilən bu "qüsursuz görünüşü" yaxud "qüsursuz həyatı'" əldə edə bilməsələr, bir növ uğursuzluğa düçar olduqlarını zənn edirlər".

TikTok gəncləri onlayn mühitdə qorumaq üçün xüsusi tədbirlərinin olduğunu və 18 yaşından aşağı şəxslərə hədəflənmiş reklamlara icazə vermədiyini bildirir.

Eyni zamanda gənclərin TikTok-dan dermatoloqlar tərəfindən dəstəklənən tövsiyələrlə dəri sağlamlığı barədə maariflənmək məqsədilə də istifadə etdiklərini ifadə edir.

"Instagram" və "Facebook"un da sahibi olan "Meta" şirkəti şərh tələbinə cavab verməyib.

Ringrose və danışdığımız digər ekspertlər bunun təkcə sosial media şirkətlərinin problemi olmadığını, məsuliyyətin bir hissəsinin də məhsulları satan dəri qulluğu markalarına və valideynlərə aid olduğunu qeyd edirlər.

Ringrose əlavə edir: "Bir uşağın brend səfiri kimi çıxış etdiyini və bu dünyanı digər uşaqlara təqdim etdiyini gördükdə, bu, vəziyyəti qanuniləşdirir."

Lakin eyni zamanda, getdikcə genişlənən bir rəqəmsal dünyanın içində, hətta çox vaxt onunla daxili bir bağlılıq şəraitində yaşayırıq.

Uşaqlar onlayn mühitdə sağ qalmağın, bəlkə də daha çox inkişaf etməyin bir yolunumu öyrənirlər?

Stefana bu fikirlə razılaşmır; o, uşaqların və gənclərin real dünyada deyil, yalnız rəqəmsal dünyada mövcud olan bir görünüş və estetika üçün həddindən artıq vaxt və pul xərclədiklərini deyir:

"Hətta cazibədar olanla olmayan arasındakı alqı belə təhrif olunur. Sosial media paylaşımlarındakı filtrlər və süni intellekt istifadəsi uşaqların gördüyü bəzi görüntülərin real olmadığı mənasına gəlir; buna görə də onlar, əslində, mövcud olmayan bir şeyə həvəs göstərirlər".