Fields Medal-ını qazanan ilk qadın riyaziyyatçı - Məryəm Mirzəxani vəfat edib

Mirzakhani

Şəklin mənbəyi, Courtesy of Maryam Mirzakhani

Çap edildi

Üç il əvvəl riyaziyyat üzrə nüfuzlu Fields Medal mükafatına layiq görülən ilk qadın Məryəm Mirzəxani (Maryam Mirzakhani) ABŞ-da vəfat edib.

Onun 40 yaşı olub. Mərhum 2013-cü ildən sinə xərçəngindən əziyyət çəkirdi.

İranda böyüyən xanım Mirzəxani yeniyetmə olarkən Beynəxalq Riyaziyyat Olimpiadasının iki qızıl medalını qazanıb.

O, elmlər doktoru dissertasiyasını ABŞ-ın Harvard Universitetində müdafiə edib və 2008-ci ildən Stanford Universitetində professor işləyib.

Riyaziyyatçı 2014-cü ildə "Riemann səthlərinin həndəsəsi ilə dinamikası və onların məkan modulları nəzəriyyəsinə verdiyi töhfəyə" görə Fields mükafatına layiq görülüb.

ABŞ-da yaşayan alim nüfuzlu mükafata layiq görülmüş ilk qadın və ilk iranlıdır.

Riyaziyyat üzrə Nobel mükafatı verilmir. Buna görə də Fields Medal tez-tez "riyaziyyatçıların Nobel mükafatı" adlandırılır.

1936-cı ildə təsis edilmiş mükafat hər dörd ildən bir 40 yaşına çatmamış iki və ya 4 riyaziyyatçıya verilir.